Naxçıvan şəhərində 10–17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan türkiyəli tələbələr arasında “Azərbaycanı tanı!” intellektual oyunu keçirilib.
Gənclər və İdman Nazirliyində təşkil olunan yarışmada ümumilikdə 12 tələbə qələbə uğrunda mübarizə aparıb. Fərdi mübarizə xarakterli intellekt yarışında Azərbaycanın şəhər və rayonları əks etdirən vektorial hissəcikləri xəritə üzərində öz yerinə yerləşdirmək lazım olub. Xəritə pazl şəklindədir və Azərbaycanın hər bir inzibati ərazi vahidi orada ayrılıqda göstərilib. Nəticələr vahid Azərbaycan xəritəsinin tamamlanması üçün sərf olunan vaxt əsasında hesablanıb.
Nəticələrə əsasən Arda Yıldırımın birinciliyi qeydə alınıb. Kənan Çelik və Melih Kral yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar.
Sonda ilk üç yerin sahiblərinə diplom və hədiyyələr, digər iştirakçılara isə fəxri fərman təqdim olunub.